““Qadınlar yaradır” adlı layihənin icrasına başlanılıb

“Qadınlar yaradır” adlı layihənin icrasına başlanılıb “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi UNESCO-nun maliyyə dəstəyi ilə “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” adlı layihənin icrasına başlayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə Milli Komissiyasının tövsiyyəsi ilə reallaşan bu layihə çərçivəsində 15 nəfər gənc ədib və 15 nəfər gənc rəssam qadının iştirakı ilə dörd günlük seminarlar təşkil ediləcək. Seminarlara Amerika Birləşmiş Ştatlarındakı Pəsifik Universitetinin müəllimi, şair Əlison Məndəvil və Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva rəhbərlik edəcək.

Seminarlar zamanı gənc yaradıcı qadınlar müasir Azərbaycan qadınının iş yerlərində, ictimai fəaliyyətdə qazandıqları uğurlar, eləcə də cəmiyyət qarşısındakı öhdəlikləri barədə müzakirələr aparacaq, hər kəs bu mövzuya öz yaradıcı baxışını yeni əsərində əks etdirəcək.

Layihə başa çatarkən seminarlarda müzakirələr zamanı yaradılan rəsmlərin sərgisi və bədii nümunələrin oxu gecəsi təşkil ediləcək. Sonda ingilis dilinə tərcümə ediləcək əsərlərdən və rəsmlərdən ibarət kitab-albom nəşr olunacaq və bu kitab-albom nümunələri Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, eləcə də beynəlxalq təşkilatların nümayəndəliklərinə hədiyyə ediləcək, kitabın elektron versiyası internet resurslarında yerləşdiriləcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda gender bərabərliyi məsələsini qabartmaq, gənc qadınlarımızın yaradıcı potensialını nümayiş və təbliğ etdirməkdir.