“Sönməz Məşəl” İctimai Birliyi COP29-da beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, professor Şəhla Nağıyeva Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransının “Yaşıl zona” və “Mavi zona”larında təşkil olunan tədbirlərdə fəal iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, iqlim dəyişikliyi ilə mübarizədə mədəniyyət və incəsənətin rolu, ekoloji maarifləndirmə və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Milli QHT Forumunun “Yaşıl zona”dakı pavilyonunda “Sönməz Məşəl” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırladığı “Malayziyadan görünən Şuşa” sənədli filmi də nümayiş etdirilib. İngilis dilində altyazılarla təqdim olunan film Şuşanın zəngin mədəni irsini və füsunkar təbiətini əks etdirərək beynəlxalq iştirakçıların marağına səbəb olub.

Şəhla Nağıyeva bildirib ki, COP29 yalnız qlobal ekoloji problemlərin müzakirəsi deyil, həm də vətəndaş cəmiyyəti təşkilatları arasında yeni əlaqələrin qurulması baxımından mühüm platforma olub. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə mədəniyyət və incəsənətin imkanlarından istifadə, xüsusilə gənclərin ekoloji şüurunun artırılması gələcək layihələrin əsas istiqamətlərindən biri olacaq.