Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sonmaz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin layihə heyəti "Malayziyadan görünən Şuşa" adlı layihə həyata keçirib. Tədbir 24-27 iyun 2024-cü il tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində yerləşən Kuala Lumpur İncəsənət Muzeyində baş tutub.
Layihə, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı çərçivəsində Şuşanın 2024-cü il üçün "İslam Dünyasının Mədəniyyət Paytaxtı" elan olunması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Malayziyada Səfirliyi, Kuala Lumpur İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Layihə çərçivəsində "Rənglərlə Qarabağa Səyahət" adlı rəsm sərgisi və Şuşanın tarixi və formalaşmasına həsr olunmuş dəyirmi masa təşkil edilib. Qarabağ musiqisi və Şuşa mətbəxi də təqdim olunub. Bundan əlavə, tədbir zamanı lentə alınmış görüntülərdən istifadə edilərək "Malayziyadan görünən Şuşa" adlı sənədli film çəkilib.
Filmin təqdimatı 27 oktyabr 2024-cü il tarixində Nizami Kino Mərkəzində keçirilib. Malayziyanın Azərbaycan Respublikasındakı Səfirliyi filmin təqdimatını 1 noyabr 2024-cü ildə Flame Tower-də yerləşən Cinema Park-da təşkil etməklə layihəyə dəstək olub.